İtaliya Kubokunda yarımfinal mərhələsi keçirilib. “Cüzeppe Meazza” stadionunda azarkeşlər Milan derbisini izləyiblər.
Ölkənin ən böyük iki klubu – “İnter” və “Milan” üz-üzə gəliblər. İlk hissədə meydan sahibləri üstünlüyü ilə diqqət çəkib. 4-cü dəqiqədə Lautaro Martinez baxımlı qolla hesabı açıb. Argentinalı forvard fasilə ərəfəsində fərqi iki topa çatdırıb. O, həmyerlisi Xoakin Korreanın ötürməsini qolla tamamlayıb. Fasilədən sonra “Milan” rəqib qapısına yol tapsa da, VAR-a baxan hakim İsmael Bennaserin qolunu qeydə almayıb. Təşəbbüsü əldən verməyən “İnter” futbolçuları matçın yekunlaşmasına dəqiqələr qalmış “Milan”ı üçüncü dəfə məyus edib. Robin Qosens mübarizəyə nöqtə qoyub: “İnter” – “Milan” 3:0.
Beləliklə, iki oyunun nəticəsinə əsasən qalib gələn “İnter” 11 ildən sonra tarixində 14-cü dəfə İtaliya kubokunun finalına yüksəlib.